Uşaqlarda diqqət çatışmazlığı və Hiperaktivlik pozuntusu (DEHB)
Uşaqlarda diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DEHB)
Diqqət Çatışmazlığı və Hiperaktivlik Pozuntusu (DEHB) uşaqlıq dövründə ən çox rast
gəlinən neyroinkişaf xüsusiyyətlərindən biridir. Bu vəziyyət yalnız diqqətin tez
yayınması və ya həddindən artıq hərəkətli olmaq demək deyil. DEHB uşağın diqqətini
idarə etməsinə, davranışını planlaşdırmasına, impulslarını nəzarətdə saxlamasına və
gündəlik işlərini təşkil etməsinə təsir göstərə bilər.
Son illərdə diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DEHB) haqqında daha çox
danışılır. Bəzən hərəkətli, sözə baxmayan və ya dərsdə diqqəti tez yayınan hər uşaq
haqqında “DEHB-dir” deyilir. Digər tərəfdən isə həqiqətən çətinlik yaşayan bəzi uşaqlar
“tənbəldir”, “böyüyəndə düzələr”, “bir az da sərt davranmaq lazımdır” kimi fikirlərlə
uzun müddət düzgün qiymətləndirilmir.
Halbuki DEHB tərbiyə problemi deyil. Bu, uşağın diqqətini cəmləməsinə, davranışını
idarə etməsinə və impulslarını nəzarətdə saxlamasına təsir edən neyroinkişaf
xüsusiyyətidir.
DEHB hər uşaqda eyni şəkildə özünü göstərmir. Bəzi uşaqlarda diqqət problemləri daha
çox nəzərə çarpır, bəzilərində isə hiperaktivlik və impulsiv davranışlar ön planda olur.
Ən çox rast gəlinən əlamətlər bunlardır:
Diqqətini uzun müddət bir iş üzərində saxlaya bilməmək.
Başladığı işi yarımçıq qoymaq.
Tapşırıqları və gündəlik işləri unutmaq.
Əşyalarını tez-tez itirmək.
Yerində sakit otura bilməmək.
Çox danışmaq və başqalarının sözünü kəsmək və s.
Bu əlamətlərin tək-tək olması uşağın DEHB olduğunu göstərmir. Əsas olan bu
davranışların uzun müddət davam etməsi, həm evdə, həm məktəbdə, həm də digər
mühitlərdə müşahidə olunması və uşağın gündəlik həyatına təsir etməsidir.
DEHB zəka ilə əlaqəli deyil. Bu uşaqların zəka səviyyəsi normal, hətta bəzi hallarda
yaşıdlarından yüksək ola bilər. Çətinlik öyrənməkdə deyil, öyrəndiyini təşkil etməkdə,
diqqəti davam etdirməkdə və bildiyini göstərə bilməkdə yaranır. Buna görə də
valideynlər tez-tez “Çox ağıllıdır, amma dərs oxumur” və ya “İstəsə hər şeyi edər” kimi
fikirlər səsləndirirlər.
Sosial münasibətlərdə hansı çətinliklər yaşaya bilərlər?
Bir çox DEHB-li uşaq dostluq qurmaq istəsə də, bunu davam etdirməkdə çətinlik çəkə
bilər. Söhbət zamanı başqasının sözünü kəsmək, növbəsini gözləyə bilməmək, oyunun
qaydalarını pozmaq və ya düşünmədən hərəkət etmək səbəbindən yaşıdları ilə
anlaşılmazlıqlar yarana bilər. Bu isə zamanla “Məni heç kim istəmir” və ya “Mənim
dostum olmur” kimi düşüncələrin formalaşmasına səbəb ola bilər. Bununla belə, uyğun
dəstək və sosial bacarıqlar inkişaf etdikcə münasibətlər də müsbət istiqamətdə dəyişə
bilər.
Bir çox DEHB-li uşaq mövzunu başa düşür, lakin uzun müddət diqqətini eyni fəaliyyət
üzərində saxlaya bilmir. Uzun izahlar onları tez yorur, tez-tez fasiləyə ehtiyac duyurlar.
Tapşırıqlar hissələrə bölündükdə və öyrənmə prosesi daha maraqlı formada təşkil
olunduqda məlumatı mənimsəmələri asanlaşır.
Bəzi DEHB-li uşaqlar sevdikləri mövzu ilə məşğul olarkən saatlarla diqqətlərini həmin
işə yönəldə bilirlər. Bu vəziyyət “hiperfokus” adlanır. Yəni problem diqqətin olmaması
deyil, diqqəti idarə etməkdə çətinlik yaşanmasıdır.
DEHB yalnız diqqət və hərəkətlə bağlı deyil. Bir çox uşaq emosiyalarını idarə etməkdə
də çətinlik yaşayır. Kiçik bir uğursuzluq, oyunda məğlub olmaq və ya müəllimin iradı
belə onlarda güclü məyusluq, qəzəb və ya kədər yarada bilər.
Valideynlər bəzən bunu “çox ərköyündür”, “hər şeyə ağlayır” kimi qiymətləndirirlər.
Halbuki uşaq həmin an yaşadığı hissi tənzimləməkdə çətinlik çəkə bilər. Sakitləşmək
üçün ona zaman vermək, hisslərini adlandırmağa kömək etmək və onu başa
düşdüyünüzü göstərmək emosional tənzimlənməni öyrənməsi baxımından daha
faydalıdır.
Bəzi DEHB-li uşaqlar tənqidə, irada və ya rədd edilməyə yaşıdlarından daha həssas
reaksiya verə bilirlər. Müəllimin dediyi kiçik bir irad, dostunun onunla oynamaq
istəməməsi və ya valideynin sərt tonu belə onları dərindən incidə bilər. Davamlı tənqid
eşidən uşaq zamanla “Mən bacarmıram”, “Məndən heç nə alınmır”, “Məni heç kim
istəmir” kimi mənfi inanclar formalaşdıra bilər. Bu inanclar isə özünəinamın
zəifləməsinə, yeni işlərdən çəkinməsinə və uğursuzluq qorxusunun artmasına səbəb
ola bilər. Buna görə də davranışı qiymətləndirmək, amma uşağın şəxsiyyətini
etiketləməmək çox vacibdir.
Bir çox DEHB-li uşaq zamanı hiss etməkdə çətinlik yaşayır. Valideyn “Beş dəqiqəyə
hazırlaş”, “Sabah imtahanın var” və ya “Sonra edərsən” dedikdə, uşaq zamanı yaşıdları
kimi qiymətləndirə bilməyə bilər.
Buna görə də tapşırıqları son ana saxlamaq, gecikmək və ya bir işin nə qədər vaxt
aparacağını düzgün hesablaya bilməmək tez-tez rast gəlinən hallardır. Bu,
məsuliyyətsizlikdən çox, zamanın idarə olunması ilə bağlı yaşanan çətinliklə əlaqəli ola
bilər. Vizual cədvəllər, saat və ya taymerdən istifadə etmək uşağın zamanı daha
konkret şəkildə qavramasına kömək edə bilər.
Bir çox DEHB-li uşağın otağı, məktəb çantası, yazı masası və hətta oyuncaqları tez-tez
qarışıq olur. Valideyn bunu bəzən məsuliyyətsizlik və ya səliqəsizlik kimi qəbul edir.
Halbuki bunun səbəbi çox vaxt uşağın planlaşdırma və təşkil etmə bacarıqlarında
yaşadığı çətinliklərlə əlaqədardır. Məsələn, uşaq otağını yığmağa başlayır, lakin
yığışdırdığı oyuncağın arasında başqa bir əşya görür və diqqəti dərhal ona yönəlir. Bir
neçə dəqiqə sonra ilk başladığı işi tamamilə unuda bilir. Bu səbəbdən otağı yığmaq kimi
sadə görünən bir tapşırıq onun üçün düşündüyümüzdən daha mürəkkəb ola bilər. Belə
hallarda “Otağını yığ!” deməkdənsə, tapşırığı kiçik hissələrə bölmək daha faydalıdır.
Məsələn: “Əvvəl maşınları qutuya yığaq, sonra kitablara baxarıq.” Bu yanaşma uşağın
işi tamamlamasını asanlaşdırır və uğur hissini artırır.
Evdə nələr etmək olar?
DEHB olan uşaqlar üçün ev mühiti onların davranışlarına və gündəlik fəaliyyətlərinə
birbaşa təsir göstərir. Valideynlərin məqsədi uşağı daim nəzarətdə saxlamaq deyil,
onun diqqətini toplamasına və özünü tənzimləməsinə kömək edəcək mühit yaratmaq
olmalıdır.
İlk növbədə gündəlik rejimin mümkün qədər sabit olması vacibdir. Yemək, yuxu, dərs
və oyun saatlarının hər gün təxminən eyni vaxtda olması uşağın özünü daha təhlükəsiz
hiss etməsinə və gününü daha rahat planlaşdırmasına kömək edir.
Valideynlər çox vaxt uzun göstərişlər verirlər: “Get otağını yığ, sonra əlini yu, çantanı
hazırla, bir də kitablarını masaya qoy.” DEHB olan uşaq bu qədər məlumatı eyni anda
yadda saxlamaqda çətinlik çəkə bilər. Tapşırıqları kiçik hissələrə bölmək daha
faydalıdır. Məsələn, əvvəlcə “Oyuncaqları qutuya yığ”, bu bitdikdən sonra isə növbəti
tapşırığı vermək daha effektiv nəticə verə bilər.
DEHB olan uşaqlar tənqidi tez-tez eşitdikləri üçün zamanla özlərinə inamları zəifləyə
bilər. Buna görə onların yalnız səhvlərini deyil, kiçik uğurlarını da görmək vacibdir.
“Afərin” deməkdənsə, konkret davranışı qeyd etmək daha təsirlidir. Məsələn, “Bu gün
kitablarını özün çantana yerləşdirdin, bunu məsuliyyətlə etdiyin üçün sevindim” kimi
ifadələr uşağın hansı davranışının müsbət olduğunu anlamasına kömək edir
Bir çox valideyn uşağın hərəkətliliyini azaltmağa çalışır. Halbuki fiziki aktivlik DEHB olan
uşaqlar üçün ehtiyacdır. Gün ərzində açıq havada oynamaq, velosiped sürmək, qaçmaq
və ya idmanla məşğul olmaq həm enerjinin sağlam şəkildə sərf olunmasına, həm də
diqqətin daha yaxşı cəmlənməsinə kömək edə bilər. Ekran qarşısında keçirilən vaxtın
yaşa uyğun tənzimlənməsi də vacibdir. Uzun müddət telefon, planşet və ya
kompüterdən istifadə etmək bəzi uşaqlarda diqqətin idarə olunmasını və yuxu rejimini
çətinləşdirə bilər. Bunun əvəzinə stolüstü oyunlar, birlikdə kitab oxumaq, rəsm çəkmək
və digər fəaliyyətlər uşağın diqqətini və ünsiyyət bacarıqlarını inkişaf etdirə bilər. Ən
vacib məqamlardan biri isə uşağın davranışını deyil, onun arxasında duran səbəbi
anlamağa çalışmaqdır. Uşaq otağını yığmırsa, bu hər zaman tənbəllik demək deyil.
Dərsə başlaya bilmirsə, bu hər zaman məsuliyyətsizlik anlamına gəlmir. Bəzən onun
ehtiyacı daha çox danlanmaq deyil, tapşırığın necə yerinə yetiriləcəyini birlikdə
planlaşdırmaq və kiçik addımlarla dəstəklənməkdir.
Unutmayaq ki, DEHB olan uşaqların da hər bir uşaq kimi qəbul edilməyə, başa
düşülməyə və uğurlarının görünməsinə ehtiyacları var. Valideynin anlayışlı, ardıcıl və
dəstəkləyici münasibəti uşağın həm özünəinamına, həm də inkişafına müsbət təsir
göstərən ən vacib amillərdən biridir.
Psixoloji dəstəyin rolu
Bəzən valideynlərin bütün səylərinə baxmayaraq, uşağın diqqət, davranış və
emosiyalarını idarə etməsi ilə bağlı çətinliklər davam edə bilər. Belə hallarda psixoloji
dəstək həm uşağın çətinliklərini daha yaxşı anlamağa, həm də onun ehtiyaclarına
uyğun yanaşma formalaşdırmağa kömək edə bilər. Seanslarda uşağın diqqətini
cəmləmə, impulslarını idarə etmə, emosiyalarını tanıma və problem həll etmə
bacarıqları üzərində fərdi şəkildə işlənilir. Eyni zamanda uşağın güclü tərəfləri müəyyən
edilir və onların inkişaf etdirilməsi hədəflənir. Psixoloji dəstək yalnız uşaqla işləməkdən
ibarət deyil. Valideynlərlə aparılan görüşlərdə gündəlik həyatda qarşılaşılan çətinliklərin
idarə olunması, evdə tətbiq oluna biləcək yanaşmalar və ünsiyyət bacarıqları da
müzakirə edilir. Müəyyən müddətdən sonra bəzi uşaqlarda diqqəti toplamaq,
tapşırıqları tamamlamaq, emosiyalarını daha yaxşı ifadə etmək və sosial
münasibətlərdə müsbət dəyişikliklər müşahidə oluna bilər. Bununla yanaşı,
valideyn-uşaq münasibətlərində gərginliyin azalması və qarşılıqlı anlaşmanın
güclənməsi də terapiyanın mühüm nəticələrindən biri ola bilər. Hər bir uşaq fərqli
olduğu üçün dəstək prosesi də onun yaşına, ehtiyaclarına və inkişaf xüsusiyyətlərinə
uyğun şəkildə planlaşdırılır.
Müəllif: Dadaşova Günel
Related Posts
“Mən Həyatımı Sənə Vermişəm..”
“Mən Həyatımı Sənə Vermişəm..” – Valideyn Fədakarlığı və Psixoloji...
Depression: Not Just for Girls?
Everyone feels low from time to time, so it’s not always easy to know when it is...
Cоциальное Tревожное Pасстройство
Социофобия, также известная как социальная тревожность или социальное...
Panik pozuntu nədir və simptomları hansılardır?
Panik pozuntu intensiv, təkrarlanan və gözlənilməz panik ataklarla...

