UŞAQLARDA YÜKSƏK (İQ)
İntellekt insanın ətraf mühitlə qarşılıqlı əlaqədə öyrənmə, məntiqi düşünmə, problemləri həll etmə, yeni situasiyalara uyğunlaşma və bilikləri praktikada tətbiq etmə bacarıqlarını əks etdirən mürəkkəb bir psixoloji konstruksiyadır. Müasir dövrdə uşaqlarda yüksək İQ mövzusu yalnız akademik uğurlar kontekstində deyil, həm də sosial, emosional və şəxsiyyət inkişafı baxımından geniş şəkildə araşdırılır.
Yüksək İQ-nun formalaşmasında təsir edən amillər
İntellektin formalaşmasında genetik faktorların rolu danılmazdır. İri miqyaslı əkiz tədqiqatları göstərir ki, uşaqların İQ göstəricisinin təxminən 50%-i genetik amillərlə izah olunur . Lakin bu, mühitin rolunu azaldan bir göstərici deyil. Əksinə, uşağın böyüdüyü ailə mühiti, erkən yaşdan aldığı stimullar, keyfiyyətli təhsil imkanları, sosial münasibətlər və emosional təhlükəsizlik intellektin inkişafında həlledici rol oynayır.
Məsələn, zəngin dil mühitində böyüyən uşaqların nitqi daha sürətli inkişaf edir, onların düşünmə qabiliyyəti də çevik olur. Digər tərəfdən, uşağın özünü sərbəst ifadə etməsinə imkan verən valideyn üslubu onun yaradıcı düşünməsini gücləndirir. Tədqiqatlar göstərir ki, kitablarla tez-tez ünsiyyət, musiqi və incəsənətlə məşğul olmaq, idrak oyunları uşaqlarda beyin əlaqələrinin formalaşmasına müsbət təsir göstərir . Beləliklə, yüksək İQ yalnız genetik miras deyil, həm də uşağın yaşadığı sosial və mədəni mühitin məhsuludur.
Yüksək intellektin Xüsusiyyətlər və üstünlüklərİ
Yüksək İQ-yə malik uşaqlar gündəlik həyatda bir sıra fərqli xüsusiyyətlərlə seçilirlər. Onların diqqəti uzun müddət davam edə bilir, yeni məlumatı daha tez qavrayırlar. Bu uşaqlar məntiqi əlaqələri qısa müddətdə qurur, abstrakt düşünmə bacarıqlarına malik olurlar. Yaşıdlarına nisbətən daha erkən danışmağa başlama, geniş söz ehtiyatı, oxu və yazı bacarıqlarının vaxtından əvvəl inkişafı müşahidə oluna bilər.
Üstünlüklərə gəldikdə, belə uşaqlar dərslərdə daha sürətlə irəliləyir, tez-tez müəllimlərin verdiyi tapşırıqlardan daha artıq bilik əldə etməyə can atırlar. Yaradıcı yanaşmaları sayəsində alternativ həll yolları təklif edir, problemlərə fərqli perspektivdən baxırlar. Uzunmüddətli araşdırmalar (Terman, 1925) göstərmişdir ki, yüksək İQ-lu uşaqların bir qismi böyüdükdə elm, texnologiya, mühəndislik və incəsənət sahələrində mühüm nailiyyətlər əldə edir. Onlarda müstəqil düşüncə və liderlik potensialı da daha güclü inkişaf edə bilər.
Mümkün çətinliklər və risklər
Bununla yanaşı, yüksək İQ bəzi riskləri də özü ilə gətirir. Belə uşaqların maraqları və dünyagörüşü bəzən həmyaşıdlarından fərqləndiyi üçün onlar sosial münasibətlərdə çətinlik çəkə bilirlər. Özlərini tək, “başqa cür” hiss etmələri onların emosional inkişafına mənfi təsir göstərə bilər. Bəzi hallarda yüksək İQ-lu uşaqlar perfectionizm – yəni hər şeyi mükəmməl etmə ehtiyacı ilə üzləşirlər. Bu isə özünə qarşı sərt yanaşma, narahatlıq və motivasiya itkisinə səbəb ola bilər .
Başqa bir problem isə müəllim və valideynlərin yüksək gözləntiləridir. Uşaqdan daima yüksək nəticə tələb edilməsi onda daxili təzyiq yaradır. Əgər uğursuzluqla qarşılaşarsa, bu, güclü psixoloji sarsıntı ilə nəticələnə bilər. Araşdırmalar göstərir ki, yüksək İQ-lu uşaqlarda emosional həssaslıq, sosial izolə və hətta bəzən davranış problemləri də yarana bilir . Deməli, yüksək İQ həm üstünlük, həm də düzgün yönləndirilmədikdə risk faktorudur.
Dəstək və təhsil yanaşmaları
Yüksək İQ-lu uşaqlar üçün ən doğru yanaşma onların qabiliyyətlərini hərtərəfli inkişaf etdirməkdir. Bu, yalnız akademik sahə ilə məhdudlaşmamalı, sosial və emosional sferaları da əhatə etməlidir. Müasir pedaqogikada fərdiləşdirilmiş tədris modeli geniş şəkildə tətbiq olunur. Belə yanaşma uşağın güclü tərəflərini inkişaf etdirməklə yanaşı, çətinlik çəkdiyi sahələrdə dəstək verir .
Məsələn, yüksək İQ-lu uşaq riyaziyyatda çox uğurlu ola bilər, lakin emosional tənzimləmədə çətinlik yaşaya bilər. Bu halda ona həm əlavə riyazi resurslar təqdim olunmalı, həm də emosional dəstək proqramlarına cəlb edilməlidir. Sosial bacarıqların inkişafı üçün qrup işləri, yaradıcı layihələr və həmyaşıdlarla əməkdaşlıq çox faydalıdır.
Valideynlər isə belə uşaqlara balanslı yanaşmalıdırlar. Onlardan yalnız nəticə gözləmək yox, həm də duyğusal ehtiyaclarını nəzərə almaq vacibdir. İdman, musiqi və incəsənət fəaliyyətlərinə cəlb olunmaları həm beyin inkişafına, həm də psixoloji balansın qorunmasına kömək edir. Ən əsası isə uşağın uğurlarını qiymətləndirməklə yanaşı, səhv etmək haqqının da tanınmasıdır.
Nəticə olaraq, uşaqlarda yüksək İQ cəmiyyət üçün böyük bir potensialdır. Bu uşaqlar gələcəkdə elm, texnologiya, incəsənət və liderlik sahələrində mühüm nailiyyətlər əldə edə bilərlər. Ancaq onların inkişafını yalnız akademik nailiyyətlərlə ölçmək doğru deyil. Yüksək İQ-lu uşaqların sosial uyğunlaşma, emosional rifah və şəxsiyyət inkişafı da eyni dərəcədə əhəmiyyətlidir.
Valideynlər, müəllimlər və psixoloqlar bu uşaqlara yalnız “ağıllı” fərdlər kimi deyil, həm də xoşbəxt, sağlam və sosial baxımdan uyğunlaşmış insanlar kimi yanaşmalıdırlar. Doğru dəstək və yönləndirmə ilə yüksək İQ uşağın həyatında həm şəxsi, həm də ictimai səviyyədə böyük uğurlara aparan mühüm bir üstünlüyə çevrilə bilər.
Related Posts
Panik pozuntu nədir və simptomları hansılardır?
Panik pozuntu intensiv, təkrarlanan və gözlənilməz panik ataklarla...
СТРЕСС ИЛИ ТРЕВОГА?
Стресс и тревога имеют схожие симптомы. Однако стресс кратковременный...